Xəbərlər

Ana səhifə / Xəbərlər

Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası hazırki şəraitdə

image
  • 10.07.2023

II Qarabağ müharibəsindən az sonra Azərbaycan Respublikası Prezidenti Qarabağ ermənilərini nəzərdə tutaraq, heç kimin qanundan üstün olmadığını, “heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz” olmadığını bildirdi. Bu yanaşma 3 il ərzində hansısa bir dəyişikliyə uğramayıb. Bu yaxınlarda Britaniyada çıxış edən xarici işlər naziri C.Bayramova əsasən, “Erməni əsilli sakinlərlə dialoq, habelə Azərbaycan ərazisində, Azərbaycan qanunları çərçivəsində yaşayan şəxslərin hüquq və azadlıqlarının təmin olunması məsələsi Azərbaycanın daxili işidir. Azərbaycan erməni sakinlərinin reinteqrasiyası istiqamətində müvafiq zəruri tədbirlər həyata keçirməkdə qərarlıdır, bu və digər məsələlərin müzakirəsi məqsədilə erməni sakinlərə ünvanlanmış dəvət hələ də qüvvədədir”.

Vurğulayaq ki, Azərbaycan Konstitusiyasının 12-ci maddəsinə əsasən, Konstitusiyada sadalanan insan və vətəndaş hüquq və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 25-ci maddə bərabərlik hüququnu təsbit edib, dövlətin irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verdiyini vurğulayır. Başqa sözlə desək, Azərbaycan onun suverenliyinə xələl gətirə biləcək beynəlxalq mexanizmləri qəbul etməsə də, Qarabağ erməniləri ilə bərabərlik prinsipindən və beynəlxalq hüquq konvensiyalarından çıxış edərək rəftar edəcəyini məsuliyyətlə bəyan edir. Paralel olaraq prezident qondarma institut və silahlıların könüllü sürətdə buraxılacağı təqdirdə Azərbaycanın amnistiya haqqında düşünə biləcəyini də bildirmişdir. Uzun illər Azərbaycan ərazilərinin işğalda qalmasını, Qarabağda hələ də qanunsuz erməni silahlılarının olmasını, mülki əhalinin Azərbaycanın Konstitusiya quruluşuna xələl gətirən fəaliyyətdə (qondarma seçkilərdə) iştirak etməsini nəzərə alsaq, Prezident İlham Əliyevin təklifi Qarabağ ermənilərinin (müəyyən qanuni məhdudiyyətlərlə) ala biləcəyi yeganə “imtiyaz”dır.

Azərbaycanın Qarabağ ermənilərinə təklif etdiyi reinteqrasiya modeli bir neçə mühüm istiqamət üzrə aparıla bilər.

 

Siyasi hüquqlar

 

Azərbaycan Respublikasının vətəndaşı olmaq cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirakı (maddə 54), dövlət orqanlarında qulluq etmək hüququnu, dövlət orqanlarında vəzifə tutmağı (maddə 55), parlament və prezident seçkilərində iştirak etmək (maddə 56), dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək (maddə 57), siyasi partiya və digər ictimai birliklər yaratmaq hüququnu (maddə 58) özündə təcəssüm etdirir. Azərbaycanın seçki sistemində Qarabağ adlı subyekt olmasa da, Ağdam, Tərtər, Laçın, Kəlbəcər, Şuşa, Xocalı, Xocavənd və s. rayonları rəsmi seçki dairələri kimi qeydiyyatdadır. Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını əldə etdikdən sonra bu seçki dairələrdə keçirilən seçkilərdə iştirak edə biləcəklər.

Bununla belə Konstitusiyaya görə Azərbaycan Respublikası vətəndaşı (qanunla müəyyən edilmiş hallar istisna olmaqla) vətəndaşlıqdan məhrum edilə və heç bir halda ölkədən qovula və ya xarici dövlətə verilə bilməz (maddə 53). Konstitusiyaya görə Azərbaycan qanunvericiliyini pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər (maddə 58). 65-ci maddəyə əsasən, hərkəs onun barəsində çıxarılmış hökmün yenidən baxılması, əfv edilməsi və ya yüngülləşdirilməsi məqsədilə daha yuxarı məhkəmə instansiyalarına müraciət edə bilər. Azərbaycanın məhkəmə sistemindən şikayətlər Avropa İnsan Hüquqları Məhkəməsinə ünvanlana bilər. 

 

Yerli özünüidarəetmə - bələdiyyələr

 

Reinteqrasiya prosesi çərçivəsində məcburi köçkünlərin qayıtması çərçivəsində Şuşa, Xocalı, Xocavənd rayonlarında, Xankəndi şəhərində inzibati-ərazi vahidləri və bələdiyyələrin əhalinin etnik tərkibi üzrə yenidən təşkili mümkündür. Belə şəraitdə bəzi kənd və qəsəbələrdə ermənilər, digərlərində azərbaycanlılar üstünlük təşkil edəcək, üçüncülərdə isə qarışıq etnik tərkib olacaqdır. Anlaşılandır ki, ermənilərin kompakt yaşadıqları ərazilərdə bələdiyyə hakimiyyəti ermənilər tərəfindən təşkil ediləcəkdir. Qeyd edək ki, Azərbaycan Konstitusiyasına görə, bələdiyyələr yerli vergi və ödənişlərin müəyyən edilməsindən, bələdiyyə mülkiyyətinə sahib olma və sosial-iqtisadi proqramları yerinə yetirməyə qədər fərqli səlahiyyətlərə malikdirlər (maddə 144). Bələdiyyələrin statusu haqqında 1999-cu il qanununa əsasən, vətəndaşlar yaşadıqları ərazilərdə yerli özünüidarə hüququnu bələdiyyələrə seçkilər, öz iradəsini birbaşa ifadə etmək, rəy sorğusu, müstəqil fikir söyləmək, təkliflər vermək vasitəsilə və digər formalarda həyata keçirirlər. Qanunvericilik irqindən, milliyyətindən, cinsindən, dilindən, mənşəyindən, əmlak və vəzifə mövqeyindən asılı olmayaraq hər bir vətəndaşa bələdiyyələrin işində iştirak etməyə bərabər hüquqlar bəxş edir.

Bələdiyyələrin həyata keçirtdiyi sosial müdafiə və sosial inkişaf proqramlar təhsil, səhiyyə, mədəniyyət, yaşayış və qeyri-yaşayış binalarının saxlanılması, sanitariya müəssisələrinin təşkili, mənzil tikintisi, yerli əhəmiyyətli su mənbələrindən istifadə, yanacaq təchizinin və satışının təşkili, bələdiyyə yollarının tikilməsi və saxlanılması, yerli nəqliyyat və rabitə xidmətinin təşkili, ticarət, mədəniyyət müəssisələrinin inkişafına yardımın göstərilməsi, media subyektlərinin fəaliyyəti üçün şərait yaradılması, kimsəsizlərə, xəstələrə, qocalara, maddi imkansızlara, valideyn himayəsindən məhrum olmuş, həmçinin istedadlı uşaqlara əlavə yardım, əhalinin məşğulluğuna, ailə kəndli təsərrüfatının inkişafına kömək göstərilməsi kimi məsələləri əhatə edir. Müşahidə etdiyimiz kimi Azərbaycanda bələdiyyə institutu sosial-iqtisadi və ictimai-mədəni sahələrdə geniş səlahiyyət imkanına malikdir. Xüsusi vurğulayaq ki, bələdiyyələrin səlahiyyət dairəsinə həm də mövcud qəbiristanlıqların qorunması, saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, yeni qəbiristanlıq sahələrinin ayrılması, yas mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuş tikililərin təmiri və yenilərinin inşası da daxildir. Bildiyimiz kimi Qarabağda erməni və azərbaycan məzarlıqlarının qorunması hər iki icma üçün xüsusi həssas bir məsələdir. Bələdiyyə institutunun mexanizmlərinin tədbiqi bu məsələni asanlıqla həll edir. 

Bələdiyyələr ərazidə yaşayan insanlar tərəfindən seçicilir və onlar qarşısında cavabdehlik daşıyır. Konstitusiya bələdiyyələrin məhkəmə tərəfindən müdafiəsinə, dövlət orqanlarının qərarları nəticəsində yaranan əlavə xərclərinin ödənilməsinə təminat verilir. Bələdiyyələr yerli özünüidarəetmə ilə suverenliyin harmonik sintezidir. 146-cı maddə bələdiyyələrin müstəqilliyinə təminat versə də, həmçinin də bildirir ki, “bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi Azərbaycan dövlətinin suverenliyinə xələl gətirə bilməz”.

 

Dil və təhsil 

 

Azərbaycanda bütün vətəndaşlar pulsuz icbari ümumi orta təhsillə təmin edilir, dövlət isə Konstitusiya səviyyəsində maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsilini davam etməsinə zəmanət verir (maddə 42). Ölkənin ali qanunu həmçinin hər bir kəsin ana dilindən istifadə etmək, bu dildə tərbiyə və təhsil almaq və yaradıclıqla məşğul olmaq haqqını təsbit edir (maddə 45). Bu hüquq normalarının praktikada reallaşmasına dair çoxlu nümunələr var. 2003-cü ildən Bakıda yəhudi tarixi, mədəniyyəti və ivrit dilini tədris edən orta məktəb fəaliyyət göstərir. Təhsil Nazirliyi ölkə ərazisində yaşayan etnik azlıqlar, daha dəqiq desək talış, ləzgi, saxur, avar, udinlər üçün dərs vəsaitləri hazırlayır. Bakı Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə 2021-ci ildə “XX-XXI əsr Talış poeziya antologiyası” kitabı və udi, ləzgi və talış dillərində “Əli və Nino” əsəri çap edilib. Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universitetində erməni dili və ermənistanşünaslıq (qafqazşünaslıq) ixtisasları fəaliyyət göstərir. Bu ixtisaslarda erməni dili ilə bərabər erməni ədəbiyyatı, tarixi, mədəniyyət və incəsənəti tədris olunur. Bununla belə vurğulamaq vacibdir ki, “Dövlət dili haqqında” Qanuna əsasən, Azərbaycan Respublikasında dövlət dili Azərbaycan dilidir və onu bilmək hər bir vətəndaşın borcudur. Paralel olaraq yerli etnik icmalar üçün dərs vəsaitləri Elm və Təhsil Nazirliyinin ekpertizası və razılığı əsasında hazırlanmalı və nəşr edilməlidir. Beləliklə, ermənilərin Azərbaycan vətəndaşları kimi öz dillərindən istifadə etmələri və onda (Azərbaycan dilinin tədrisi şərti ilə) təhsil almaları üçün hüquqi və praktiki şərait mövcuddur.

 

Tarixi abidələrin qorunması

 

Azərbaycan bir multikultural ölkə kimi bütün etnik azlıqların tarixi abidələrinin qorunması üzrə məqsədəuyğun siyasət həyata keçirdir. Digər etnik icmalar dövlətin bu siyasətindən yararlandığı halda Qarabağın erməni əhalisi tarixi abidələr məsələsini siyasi spekulyasiya mövzusuna çevirir. Bu baxımdan Qarabağda erməni tarixi irsinin qorunması dedikdə XIX əsrin birinci yarısından, yəni Qafqaz Albaniya həvari kilsəsinin ləğvindən sonra ermənilərin özlərinə aid etdikləri dini tikililərin nəzərə alınmalıdır. Beləki, bu tarixdən əvvəl mövcud dini tikililərin ermənilərə aid olmasına dair əsaslı faktlar və təkzibedilməz sübutlar yoxdur. Fərqli əsrlərə aid dini tikililər və tarixi abidələrin kimə aid olmasını müəyyən etmək, saxtakarlıq hallarının qarşısının alınması məqsədilə beynəlxalq ekspert komissiyasının təşkili də mümkündür. Ermənilərin özlərinin saydıqları dini və tarixi abidələrin Azərbaycanda yaşayan digər xristian dini icmaların (udilərin, ingiloyların, tatların, qıpçakların, buduqların, hazıtların, xınalıqların) abidələrindən ayrılması üçün hərtərəfli tədqiqatın həyata keçirilməsi vacibdir. Bu ermənilərin Azərbaycan cəmiyyətinə uğurla reinteqrasiya olunmasına və etnik çoxluq ilə yanaşı etnik azlıqlarla mümkün problemlər yaşamamasına kömək edəcəkdir. Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş dini və tarixi abidələr dövlət tərəfindən qorunulur (maddə 18) və onların özəlləşdirilməsinə yol verilmir (maddə 17).

 

Mədəni haqqların təmin edilməsi

 

Konstitusiyanın 44-cü maddəsinə əsasən, hər kəsin mənsubiyyətini qoruyub saxlamaq hüququ var və heç kəs milli mənsubiyyətini dəyirdirməyə məcbur edilə bilməz. 40-cı maddə öz növbəsində tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmağın, tarixi və mədəniyyət abidələrinin qorunmasının vacibliyindən bəhs edir. Bu maddələr məcburi assimilyasiya hallarının qarşısının alınmasına yönələn və Ali Qanunda əksini tapan hüquqi normativlərdir. Mədəni müxtəlifliyin qorunması praktikada da öz əksini tapır. Azərbaycanda yaşayan etnik icmalar dövlət dəstəyi və ictimai əsaslarda mədəniyyət mərkəzləri açır, dəyirmi masalar keçirdir, respublika və beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak edirlər. Prezident İlham Əliyev 2007-ci ildə Quba rayonunun Xınalıq kəndinin tarixi ərazisini “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu elan edilmişdir. Qoruqda qəzalı vəziyyətdə olan 98 abidə-ev isə dövlət hesabına bərpa və təmir edilmişdir. “Nənələr” talış folklor xalq mahnı və rəqs kollektivi, “Adıgün” türk xalq folklor kollektivi, “Samur” saxur folklor kollektivi, “Xınayaxdı” və “Atəşgah” tat folklor xalq kollektiv və ansamblları, “Cahan” avar folklor qrupu, “İnci qızlar” ləzgi rəqs kollektivi, “Cəngi” udin folklor ansamblı, İvanovka kənd Mədəniyyət evinin “İvanovka” folklor qrupu, Şorsu kənd Mədəniyyət evinin rutul folklor kollektivi və Əliabad kənd Mədəniyyət evinin İngiloy folklor kollektivinin mövcudluğu Azərbaycanda heç bir məcburi mədəni assimilyasiyanın aparılmadığına əyani sübutlardır. 42 mahnıdan ibarət “Azərbaycanda yaşayan xalqların mahnıları” albomu və etnik icmalar arasında digər bu kimi əməkdaşlıq layihələri Azərbaycanın “Salad bowl” modelini uğurla reallaşdırdığını nümayiş etdirir. Azərbaycan Respublikası vətəndaşlığını qəbul etdikdən sonra ermənilər də digər etnik icmalar kimi öz maddi və mənəvi mədəniyyətlərini qoruyub, inkişaf etdirmək imkanı əldə edəcəklər.

 

Vətəndaş cəmiyyəti

 

Konstitusiyanın 47-ci maddəsi hər bir kəsin fikir və əqidəsini açıqlamaq haqqını təsbit edib, heç kəsin öz fikir və əqidəsindən dönməyə məcbur edilə bilmədiyini vurğulayır. Təcrübədə bu özünü qeyri-hökümət təşkilatlarının yaradılması formasında biruzə verir. Qeyd edək ki, ölkədə 2007-ci ildən “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası fəaliyyət göstərir. Bundan savayı vətəndaş cəmiyyətinin inkişafı məqsədilə QHT-lərə Dövlət Dəstəyi Şurası və Gənclər Fondu kimi milli donor institutları fəaliyyət göstərir. Qeyd edək ki, QHT-lərə dəstək və yardım üçün prezidentin müvafiq 2021-ci il sərəncamı ilə yaradılan Agentlik artıq 2023-2026-cı illər üçün Strateji Fəaliyyət Planı hazırlamışdır. Qarabağ ermənilərinin Azərbaycan Respublikası vətəndaşlığını qəbul etməsi onlara qeyri-hökümət təşkilatları və ictimai-mədəni mərkəzlər yaratmaq hüququnu bəxş edəcəkdir. Xüsusi vurğulayaq ki, Konstitusiyaya görə (maddə 58) ölkə qanunvericiliyini pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.

 

Vicdan azadlığı və erməni həvari kilsəsi

 

Azərbaycanda din dövlətdən ayrıdır. Dövlət bayrağının rənglərindən biri islamı xarakterizə etsə də, Konstitusiyanın 18-ci maddəsinə əsasən, bütün dinlər qanun qarşısında bərabərdir. Konstitusiya hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hansısa dinə təkbaşına və ya kollektiv formada etiqad etmək və ya heç bir dinə etiqad etməmək, öz əqidəsini ifadə etmək və yaymaq hüququnu təsbit edir (maddə 48). Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesi çərçivəsində Qarabağ erməniləri də vicdan azadlığından irəli gələn bütün hüquqlardan istifadə edə biləcəklər. Bununla belə vurğulamaq lazımdır ki, Konstitusiyanın adı çəkilən maddələri dini etiqad və əqidənin hüquq pozuntusuna bəraət qazandıra bilməməsini və insanpərvərlik prinsiplərinə zidd olan dinlərin təbliğinin qadağan olduğunu da vurğulanır. İşğal müddətində destruktiv fəaliyyəti ilə seçilən erməni həvvari kilsəsi postmünaqişə dövründə də bu davranışı davam etdirməkdədir. 2023-cü ilin 5-8 iyun tarixlərində Eçmiədzində erməni katalikosu II Qareginin sədrliyi altında Ali Dini Şuranın iclası keçirildi. Assambleya Ermənistan rəsmilərini “Artsax xalqının öz müqəddəratını təyin etmək üçün ayrılmaz hüququnu qətiyyətlə müdafiə edən ermənipərəst mövqelər”dən çıxış etməyə çağırdı. Bununla bərabər assambleya “Artsax xalqının azad və müstəqil yaşamaq hüququnun bütün milli çərçivələrdə müdafiə tapacağını” da vurğuladı. Beləliklə, Qarabağ ermənilərinin vicdan azadlığından irəli gələn hüquqlar təmin olunacaq, lakin erməni həvvari kilsəsi separatçılığa dəstəyi davam edəcəyi qədər rəsmi qeydiyyata alınmayıb, fəaliyyətinə icazə verilməyə bilər.

 

Ombudsman İnstitutu və beynəlxalq strukturlara hesabatlar 

 

Azərbaycanda insan hüquqları üzrə müvəkkil institutu – ombudsman, 2002-ci ildən fəaliyyət göstərir. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil haqqında Konstitusiya Qanununa əsasən, müvəkkil yalnız Konstitusiya və qanunlara tabe olan müstəqil bir institutdur. Onun fəaliyyətinə hər hansı dövlət və ya yerli özünüidarə orqanı, vəzifəli şəxs tərəfindən müdaxilə yolverilməzdir və müvəkkilin səlahiyyət və fəaliyyəti hətta fövqəladə və ya hərbi vəziyyət şəraitində belə məhdudlaşmır (maddə 5). Müvəkkil mütəmadi olaraq ölkədə insan hüquqlarının qorunması haqqında Azərbaycan Respublikası Prezidentinə illik məruzə təqdim edir və həmin məruzə ilə Azərbaycan Respublikası Milli Məclisi qarşısında çıxış edir. 

Bununla bərabər vurğulayaq ki, Azərbaycan insan hüquqları və azlıqların müdafiələrinə dair bir çox beynəlxalq konvensiyaların üzvüdür. Bura Ümumdünya insan hüquqları bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxaq Pakt, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası, Uşaq hüquqları haqqında Konvensiya, Əlillərin hüquqları haqqında Konvensiya, Qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya, Bütün Fəhlə Mühacirlərin və Onların Ailə Üzvlərinin Hüquqlarının Müdafiəsi Haqqında Beynəlxalq Konvensiya kimi vacib beynəlxalq sənədləri xüsusi qeyd etmək vacibdir. Ombudsman institutu və adı çəkilən konvensiyalar Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin toxunulmazlığının hüquqi əsasının təməlini təşkil edəcəkdir.

 

Nəticə

 

Beləliklə, Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya olması üçün hüquqi əsaslar və mexanizmlər mövcuddur. Bəzi hallarda mövcud reallıqları nəzərə alınaraq müəyyən dövrü əhatə edən müvəqqəti qərarların qəbul edilməsi istisna edilmir. Qarabağ erməniləri reinteqrasiya prosesi çərçivəsində bütün mümkün narazılıq və narahatlıqlarını Ombusman institutu və Azərbaycanın məhkəmə sisteminə bildirib, qərardan razı qalmadıqları halda isə Avropa İnsan Hüquqları Məhkəməsinə və dövlətin tərəfdar çıxdığı və əməkdaşlıq etdiyi beynəlxalq strukturlara müraciət edə biləcəklər.